İranın raket və dron zərbələrindən sonra Bəhreyndəki neft emalı zavodunda yanğın baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sabereen News" nəşri məlumat verib.
"Bəhreynin ən vacib neft emalı zavodu olan "Bapco Energies" zavodunda yanğın baş verib, - deyə məlumatda bildirilib.
Şahidlər zərbələrin nəticələrini videolentə alıblar. Kadrlarda yanğın baş verdiyi yerdən qatı tüstünün qalxdığı görünür.
Qeyd edilir ki, Bəhreynin "Bapco Energies" neft-qaz şirkəti fors-major vəziyyət elan edib.
Həmçinin bildirilir ki, İran qüvvələri daha əvvəl də Bəhreyndəki "Bapco" zavoduna hücum etməyə cəhd göstərib. Martın 5-də krallığın milli kommunikasiya mərkəzi yanğının tez bir zamanda söndürülməsindən sonra zavodun normal fəaliyyətini davam etdirdiyini deyib.
Bundan əlavə, İran ABŞ ilə əlaqəli obyektlərə, o cümlədən Manamadakı ABŞ-nin Beşinci Donanmasının hərbi bazasına hücum edib. ABŞ hava hücumundan müdafiə qüvvələri hücuma cavab verib.