“İslam dövləti” (İŞİD) terrorçu qruplaşmasının yaraqlıları üç gün ərzində 200 milyon dollar məbləğində ödəniş almayacaqları təqdirdə iki Yaponiya vətəndaşını edam edəcəkləri barədə videobəyanat yayıblar.
Videogörüntüdə yaponlar Kendzi Qoto Dzöqo və Haruna Yukava əks olunub, Oxu.Az TASS-a istinadən xəbər verir.
Kadr Yaponiyanın baş naziri Sindzo Abenin çıxışından başlayır. Baş nazir terrorçularla mübarizəni dəstəkləyəcəklərini elan edir. Bundan sonra videoda iki girov və qara geyimli, maskalı yaraqlı peyda olur.
“Biz bizim arvadlarımız və uşaqlarımızın öldürülməsinə, müsəlmanların öldürülməsinə həvəslə 100 milyon dollar ayırdınız. Buna görə də, bu iki yapon vətəndaşının birinin həyatı 100 milyon dollar qiymətləndirilir”, - deyə, yaraqlı bildirib.
Terrorçu həmçinin deyib ki, Yaponiya İŞİD-ə qarşı çıxan qüvvələrə pul ayırdığı üçün digər yapona görə də 100 milyon tələb edir.
Öz növbəsində yapon hökuməti bu pulun ödəniləcəyini istisna etmir.
Bu barədə mətbuat konfransında Yaponiya nazirlər kabinetinin baş katibi Yösixido Suqa bildirib.
“İŞİD-in iki Yaponiya vətəndaşını öldürmək təhdidi bağışlanmazdır. Biz bu insanların həyatını qorumaq üçün zəruri tədbirlər görəcəyik. Biz həmin pulun ödəniləcəyini də istisna etmirik, bu variant üzərində iş gedir”, - deyə, Suqa bildirib.