İsrailin müdafiə naziri İsrail Katz bildirib ki, ordu Livan, Suriya və Qəzza sektorunun təhlükəsizlik zonalarında qeyri-müəyyən müddətədək qalacaq.
Oxu.Az xəbər verir ki, "Ynet" portalı məlumat yayıb.
"İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə aydın bir siyasət həyata keçiririk. Bu siyasətə əsasən, sərhədlərimizi və yaşayış məntəqələrini müdafiə etmək üçün İsrail ordusu Livan, Suriya və Qəzzada yerləşən təhlükəsizlik zonalarında qeyri-müəyyən vaxta qədər qalacaq", - deyə "Ynet" portalı nazirin bəyanatından sitat gətirib.
Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu da ABŞ Prezidenti Donald Trampa bildirib ki, rəsmi Təl-Əviv qoşunlarını Livandan çıxarmaq niyyətində deyil və Vaşinqtonla Tehran arasındakı müqavilədəki "Livan şərti"nə əməl etməyi özünə borc bilmir. Daha sonra İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də oxşar bəyanatda çıxış edib. O, bildirib ki, ölkəsi Amerika Birləşmiş Ştatları ilə İran arasındakı razılaşmanın şərtlərinə heç bir formada əməl etmək məcburiyyətində deyil. Çünki İsrail Vaşinqtonun tabeliyində fəaliyyət göstərmir.