İsrail Qüds yaxınlığında baş verən meşə yanğınlarının söndürülməsi üçün 13 ölkədən, o cümlədən də Azərbaycandan kömək istəyib.
Oxu.Az xəbər verir ki, EFE agentliyi İsrailin xarici işlər naziri Gideon Saarın sözlərindən sitat gətirib:
"Son saatlarda Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdəki həmkarımla əlaqə saxladım və onlardan hava dəstəyi istədim", - nazir bildirib.
İsrail həkimləri EFE-yə bildiriblər ki, hazırda 19 nəfər tüstüdən zəhərlənmiş şəxs tibb müəssisələrinə müraciət edib, onlardan 13-ü xəstəxanaya yerləşdirilib.
İsrail hökuməti Qüds yaxınlığındakı meşə massivində başlayan yanğınlarının söndürülməsi üçün bir sıra Avropa ölkələrindən kömək istəyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Ynet" agentliyi məlumat verib.
Qeyd olunur ki, İsrail yanğınla mübarizə üçün qonşu ölkələrdən, o cümlədən Kipr, Yunanıstan, Xorvatiya və İtaliyadan yanğınsöndürmə təyyarələri istəyib.
Qeyd olunur ki, hazırda yanğının söndürülməsinə 50-yə yaxın yanğınsöndürmə briqadası, 10 yanğınsöndürən təyyarə və bir helikopter cəlb olunub. Ərazidəki yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə başlanılıb.