İsrail Xarici İşlər Nazirliyi HƏMAS hərəkatının tərəfdarları tərəfindən İsraildə qaçırılan tələbə Şani Lukun ölümünü rəsmən təsdiqləyib.
Bu barədə nazirliyin “X” səhifəsində dərc olunmuş məlumatda bildirilib.
“Təəssüf hissi ilə bildiririk ki, Almaniya və İsrail vətəndaşlığına malik olan 23 yaşlı Şani Lukun cəsədi aşkar edilib və şəxsiyyəti müəyyənləşdirilib. Şani musiqi festivalından qaçırılıb, işgəncələrə məruz qalıb və ağlasığmaz dəhşətlər yaşayıb. Dualarımız Şaninin ailə üzvləri və dostları ilədir. Xatirəsinə ehtiram ifadə edirik, ruhu şad olsun”, - deyə məlumatda qeyd edilib.
Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi brifinqdə jurnalistlərə açıqlamasında isə bildirib ki, onlar başqa bir şəxsin ölümünü də təsdiqləyəcəklər:
“Əlimizdə olan məlumata görə, biz Almaniya vətəndaşlığı olan başqa bir şəxsin də ölümünü təsdiqləməliyik. Təfərrüat barədə əlavə məlumat verə bilməsək də, anlayış göstərməyinizi xahiş edirik”.
Mənbə: TASS
14:36
İsraildə HƏMAS radikalları tərəfindən qaçırılan tələbə Şani Lukun anası qızının ölümünü təsdiqləyib.
“Təəssüf ki, dünən qızımın artıq həyatda olmadığı barədə xəbər aldıq”, - deyə Rikarda Luk RTL və NTV telekanallarına bildirib.
Lakin qızın ölümü ilə bağlı hələ rəsmi məlumat yoxdur.
Qeyd edək ki, daha əvvəl qaçırılan 22 yaşlı almaniyalı Şani Lukun sosial şəbəkələrdə fotoları yayılmış, ZDF telekanalı isə öz mənbələrinə istinadən oktyabrın 10-da onun öldüyünü bildirmişdi. Lakin qızın anası onun sağ olduğunu, vəziyyətinin ağır olduğunu iddia edirdi.
Həmçinin məlum olub ki, Almaniya Baş Prokurorluğu qətllər və girov götürülməsi ilə bağlı HƏMAS-a qarşı araşdırmalara başlayıb.
Mənbə: TASS