İstanbul hava limanında terror aktı nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin “Hurriyet” qəzeti yazıb.
Son məlumatlara görə, terror hücumu nəticəsində 239 nəfər yaralanıb.
16:02
İstanbulda terror aktı qurbanlarının sayı 41-ə çatıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanatı çərşənbə günü İstanbul valiliyi verib.
“Atatürk aeroportunun giriş və çıxışında, eləcə də parkinqində baş verən partlayışlar 41 nəfərin ölümünə, 239 nəfərin yaralanmasına səbəb olub.
Onlardan 37-nin kimliyi müəyyən edilib. Onların arasında 10 xarici vətəndaş və 3 ikili vətəndaşlığı olan şəxs var”, - bəyanatda deyilir.
10.10
İstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu-kamikadze özünü partladıb. Terror aktları nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bunu İstanbulda hadisə yerinə gələn baş nazir Binəli Yıldırım deyib.
Xatırladaq ki, daha öncə hadisə zamanı 50-yə yaxın insanın həlak olması barədə xəbər yayılmışdı. Lakin bu xəbər öz təsdiqini tapmayıb.
02:29
Türkiyənin İstanbul şəhərinin Atatürk Hava Limanında baş vermiş terror aktı zamanı ölənlərin sayı 50 nəfərə çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə RİA Novosti agentliyi xəbər yayıb.
Agentliyin digər xəbərinə görə, ölənlər arasında xarici ölkə vətəndaşları da var.
00:12
İstanbulun Atatürk Hava Limanında partlayış və atışma nəticəsində, ilkin məlumata görə 10 nəfər həlak olub.
Oxu.Az-ın “Milliyet” nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
Hazırda Atatürk Hava Limanında təyyarələrin uçuşuna və enməsinə qadağa qoyulub.
28.06.2016 23:31
Türkiyənin İstanbulun Atatürk Beynəlxalq Hava Limanında partlayış baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TRT Haber telekanalı məlumat yayıb.
Partlayışlar beynəlxalq uçuş terminalında baş verib.
Bildirilir ki, partlayışdan sonra silah səsləri eşidilib. Hadisə şahidlərinin sözlərinə görə, 4 silahlı şəxs partlayışlardan sonra ərazidən qaçaraq uzaqlaşıb.
Hava limanına çoxlu sayda təcili tibbi yardım, polis və yanğınsöndürən maşınları göndərilib.
Hava limanının bütün giriş və çıxışları bağlanıb.
Hadisənin terror aktı olduğu bildirilir.