İstanbulun Maltepe rayonunda yeddimərtəbəli binanın çökməsindən sonra təhlükəsizlik məqsədilə yaxınlıqdakı üç binanın sakinləri təxliyə edilib.
Oxu.Az İstanbul Valiliyinin "X" sosial şəbəkəsindəki rəsmi hesabına istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Davut Gül məlumat verib.
"Təhlükəli hesab edilən üç bina təxliyə olunub. Orada yaşayan 44 vətəndaşımız valiliyin koordinasiyası ilə hotelə yerləşdirilib", - deyə o, hadisə yerində jurnalistlərə bildirib.
Valinin sözlərinə görə, dağıntılar altında qalan üç nəfərin axtarışları davam edir.
"20, 40 və 60 yaşlarında olan üç vətəndaşımıza çatmağa çalışırıq. Daha əvvəl xəstəxanaya yerləşdirilən altı nəfərin müalicəsi davam etdirilir. Onlardan birinin vəziyyəti ağırdır", - deyə Davut Gül qeyd edib.
O əlavə edib ki, bələdiyyə xidmətləri çökmüş binanın qonşu tikililərin üzərinə aşmasının qarşısını almaq məqsədilə söküntü işlərini davam etdirir.
Qeyd edək ki, hadisə nəticəsində iki nəfər həlak olub, 10 nəfər isə xilas edilib.