İstanbulda Avropa liqasında türk komandası “Qalatasaray” və serbiyalı “Srvenoy Zvezda” basketbol matçından öncə kütləvi dava olub.
Oxu.Az xəbər verir ki, RTS telekanalının məlumatına görə, nəticədə Serbiyadan olan azarkeş öldürülüb.
Türk fanatlarından ibarət qrup “Abdi İpekçi Arena” stadionunda keçirilən matçı izləmək üçün stadiona keçə bilməyən 400 serb azarkeşinə hücum edib, “Qalatasaray”ın fanatları öncə onlara daş atmağa başlayıblar, sonra dava böyüyüb. Nəticədə 25 yaşlı kişi sinəsindən bıçaq yarası alıb. Hüquq mühafizəçiləri gözyaşardıcı qazdan istifadə etməli olublar.
Zərərçəkəni xəstəxanaya çatdırıblar, amma onun həyatını xilas etmək mümkün olmayıb.
“Türk həkimlər onun həyatı üçün mübarizə aparıblar. Zərərçəkən beş saat reanimasiyada olub, amma sonda vəfat edib, çünki çox qan itirmişdi”, - İstanbulda olan serb konsulu Zoran Markoviç bildirib.
Onun sözlərinə görə, Belqradda baş verənləri “düşmənçilik” kimi qiymətləndirirlər.
“Bizim belə hadisənin baş verə biləcəyi barədə xəbərdarlıqlarımıza baxmayaraq, təhlükəsizliyin təminatı çox zəif təşkil edilmişdi. Hal-hazırda biz serbiyalı azarkeşlərin Türkiyəni sakit tərk etmələri üzərində çalışırıq”, - konsul əlavə edib.