Millət vəkili, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov parlament jurnalistlərinin suallarını cavablandırıb.
Oxu.Az Modern.az-a istinadən müsahibəni təqdim edir.
- Abel müəllim, rəhbərlik etdiyiniz universitetin yataqxana problemi nə zaman öz həllini tapacaq?
- Bildiyiniz kimi uzun illər universitetin yataqxanalarında məcburi köçkünlər məskunlaşmışdı. Ötən il məcburi köçkünlər üçün yeni binalar tikildi və onlar yataqxanadan çıxarıldı. Yataqxana binaları bərbad vəziyyətdə olduğu üçün orada söküntü işləri də getdi. Planlaşma da gedib, layihə də hazırdı. Ancaq bəzi məsələlərə görə müvəqqəti olaraq işlər dayandırılıb. Ancaq bu məsələ xeyli aktuallaşıb və yəqin yaxın vaxtlarda buna start veriləcək.
- Büdcə müzakirələrində magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsini təklif etdiniz? Magistraturaya qəbul olunan oğlanların əsgərliyə çağırılmasının hansı mənfi nəticələri var ki?
- Biz çalışırıq ki, elə edək ki, magistr pilləsinə qəbul olanlar üçün çağırış olmasın. Bu nə ilə əsaslanır? Deyək ki, bakalavr pilləsində elmi tədqiqat işi aparır, magistr pilləsinə gəldikdə onu hərbi xidmətə çağırırlar. Bu, işini yarımçıq qoyub əsgərliyə gedir, bir il vaxt keçir və qayıdanda yaş keçir, ailə qurmaq istəyir, qiyabi magistrant olmaq istəyir. Yəni bakalavrla fəlsəfə doktorluğu arasında elm qırılmağa başlayır. Elə bil zəncir ortada sınır. Biz təklif edirik ki, onları əsgərliyə aparmasınlar. Onlar müdafiə edəcəklərsə, qalacaqlar. Müdafiə etməsələr 35 yaşa qədər əsgərliyə aparıla bilərlər. Heç bir problem yoxdur. Yəni təhsili qorumaq üçün bu mərhələni keçmək lazımdır. Bu, çox aktual məsələdir. Hər il magistraturaya qəbul oğlan-qız nisbətində 75-in 25-ə nisbətdir. Getdikcə artır, 80-nin 20-yə nisbətindədir. Yəni qızların sayı çoxalır, oğlanlar azalır. Qızlar da ailə həyatı qururlar, ana olurlar və elmdən aralaşırlar. Biz elə bil ki, elm müharibəsinə ancaq qızlarla gedirik. Bunlar həm də ana olmalıdırlar. Yəni problemlər çoxdur. Elə adam var ki, onu qəbul edirik, ailə qurur və 6-7 il dekretdə olur. Bəs elmi kimlərlə irəli aparmaq lazımdır? Oğlanlar elmdən uzaqlaşır. Bunun da səbəblərindən biri oğlanların əsgərliyə aparılmasıdır. Yəni magistraturaya daxil olan oğlanlar əsgərliyə aparılmasa bunun da elmin irəli getməsinə çox köməkliyi olar.
- Abel müəllim, hazırda bəzi tələbələr dini cərəyanlara qoşulurlar və bu baxımdan müəyyən problemlər yaranır. Bu mənada BDU-da hər hansı problem yoxdur ki?
- Yox. Dini cərəyanlarla bağlı bizdə heç bir problem yoxdur. Yadınızdadırsa Ərdoğan arada sosial şəbəkələri qapatdı. Ona dedilər ki, prezident Abdullah Gül də sizə qarşı çıxdı, niyə sosial şəbəkələri qapatdız? Yaxşı bir cavab verdi, dedi sosial şəbəkə elə bir şeydi ki, iti bıçaq əgər bir qatilin əlinə düşərsə, fikirləşir ki, bununla kimisə öldürmək lazımdır. Əgər iti bıçaq bir həkimin əlinə düşürsə, fikirləşir ki, bu bıçaqla kimisə əməliyyat edib sağaltmaq olar. Əfsuslar olsun ki, bu iti bıçaq bəzən bizim özümüzdən asılı olmur. Onu bizə göndərirlər. Ərdoğan bununla deyirdi ki, əsasən Avropadan, Amerikadan o bıçaqları gənclər üçün, xüsusən də qatillərə göndərirlər ki, bir-birini qırsınlar.. Açıq danışaq, Suriyada, İraqda olan məsələ belədir də. Kim kimi öldürür hələ bilinmir. Niyə elə bütün türk dünyasında, müsəlman dünyasında bu proseslər gedir? Özü də iti bıçaqlar ordan bilə-bilə göndərilir. Yəni bu sosial şəbəkədən tələbələr, gənclər düzgün istifadə eləməlidir. Sosial şəbəkə Qərbdə intellektual səviyyənin inkişafı istiqamətinə yönəlir. Bizdə isə bir-birinə qarşı istifadə etməyə yönəlir. Məsələn, çalışırlar ki, sosial şəbəkədə filankəsi ləkələsinlər. Niyə? Çünki filankəs düzgün deyir ki, yaxşı oxumalısan. Müəyyən olunub ki, sosial şəbəkədən ən çox spekulyativ istifadə edən yaxşı oxumayan tələbələrdi. Biz onu da müəyyən eləmişik. 5 imtahandan 5 dəfə 2 alıb, bu nə etməlidir? Ya rektora sataşmalıdı, ya müəllimə sataşmalıdı ki, bəlkə işini birtəhər həll eləsin. Yetkinliyimiz elə olmalıdır ki, - o da elmlə, təhsillə olmalıdır - o iti bıçaqları göndərəndə biz bilək ki, insanları müalicə eləmək lazımdır. İti bıçaqla qatillik edib adamları öldürmək lazım deyil. Özü də kim kimi öldürür? Oxumayan, zəif, cəmiyyətdə ən axırda gedən ən ağıllı adamlara böhtan atır. Necə ki, Suriyada, Misirdə o hadisələr baş verir. Hansını deyim? Bütün müsəlman dövlətlərində nəsə baş verir. Bunlardan bir nəticə çıxartmaq lazımdır. İnsanlar bilməlidir ki, sosial şəbəkədən intellekt üçün istifadə eləmək lazımdır. Əfsuslar olsun ki, sosial şəbəkədən intellekti zəhərləmək üçün istifadə olunur. Bu, çox mənfi haldır.
E.Ə.
www.oxu.az