İstanbulun mərkəzində polis şöbəsinin qarşısında törədilmiş partlayış nəticəsində ağır yaralanan asayiş keşikçisi ölüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, partlayışın qadın-kamikadze tərəfindən törədildiyi məlum olub. Məlumata görə, şəxsiyyəti hələlik məlum olmayan qadın İstanbulun tarixi mərkəzindəki Sultanahmet meydanı yaxınlığında Turizm Polisi İdarəsinin növbətçi postuna yaxınlaşaraq, çantasının itdiyini bildirib və içəri daxil olmağa cəhd edib. Lakin polis onu dayandırdıqda o, üzərinə quraşdırılmış partlayıcı qurğunu işə salıb.
Partlayış nəticəsində terrorçu-qadın hadisə yerində ölüb, ağır yaralar almış polis məmuru Kənan Kumaş xəstəxanaya çatdırılsa da həkimlər onun həyatının xilas edə bilməyib. Partlayış nəticəsində daha bir polis əməkdaşı yaralanıb.
İstanbul valisi Vasip Şahin qadın-kamikadzenin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparıldığını bildirib.