Oktyabrın 9-na keçən gecə Kaluqa şəhərində PUA hücumu nəticəsində "Yandex" şirkətinə məxsus məlumat (data) mərkəzinin infrastrukturunun bir hissəsi zərər görüb.
Oxu.Az-ın Rg.ru-ya istinadən xəbərinə görə, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Şirkətdən verilən açıqlamada data mərkəzdəki bir sıra modulların tam yararsız hala düşdüyü və bu səbəbdən "Yandex"in müəyyən xidmətlərinin işində kəsintilər ola biləcəyi qeyd edilib.
Hazırda dəymiş ziyanın tam miqyası qiymətləndirilir. Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları və şirkətin mütəxəssisləri çalışırlar. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan yoxdur.
Şirkətin mətbuat xidməti onu da əlavə edib ki, insan həyatının təhlükəsizliyi onlar üçün hər zaman başlıca prioritetdir.
Qeyd edək ki, ötən gün Rusiyanın Ryazan vilayətinin Sasovo şəhərindəki "Yandex" data mərkəzinə də pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirilmiş və infrastrukturun bir hissəsinə zərər vuran yanğın qeydə alınmışdı.