Kataloniyanın minlərlə sakini, regionun İspaniyadan ayrılaraq müstəqil olması üçün referendumun keçirilməsi tələbi ilə Barselonada keçirilən nümayişdə iştirak edib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, aksiya iştirakçıları Kataloniyanın bayraqlarını dalğalandırıb və “V” şəklində düzülərək səsvermə arzularını bildiriblər.
Kataloniya fəalları, sentyabr ayının 18-də Böyük Britaniyanın tərkibindən çıxmaq üçün referendum keçirəcək Şotlandiyadan nümunə götürüblər.
Regional hökumət noyabr ayının 9-da referendum keçirmək istəyir, amma İspaniya hakimiyyəti bunun qanunsuz olduğunu iddia edir.
Kataloniya İspaniyanın inkişaf etmiş regionlarındandır və orada artıq çoxdandır ki, müstəqilliyə çağırışlar səslənir.