Rusiyanın “Rosoboroneksport” şirkəti Bakıda keçirilən ADEX-2014 silah sərgisində Azərbaycan Prezidentinə hazırda işlək vəziyyətdə olan Ka-52 (“Alliqator”) helikopterini nümayiş etdirib.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın silah ixracatı üzrə əsas şirkəti olan “Rosoboroneksport”un baş direktor müavini, şirkətin sərgidəki nümayəndə heyətinin rəhbəri Esen Topoyev bildirib.
“Biz İlham Əliyevə Ka-52-nin maketini nümayiş etdirdik və bildirdik ki, vertolyotun işlək nümunəsini də sərgiyə gətirmişik. O, bizim statik meydançaya keçmək təklifimizi qəbul etdi və burada biz Ka-52-ni ona nümayiş etdirdik”, - deyə, Topoyev bildirib.
“Azərbaycan Prezidenti yekunda öz məmnunluğunu ifadə etdi və ətrafındakı şəxslərə “Alliqator” üzrə məsələnin üzərində işləməyi tapşırdı”, - deyə, “Rosoboroneksport”un nümayəndə heyətinin rəhbəri bildirib.
Onun sözlərinə görə, şirkət Azərbaycan Prezidentini məlumatlandırıb ki, bu gün “Ka-52-nin dünyada analoqu yoxdur”.