Rusiya öz qoşunları və tanklarını Ukrayna ərazisindən çıxarılmalıdır. Atəşkəs və danışıqlar Rusiya üçün beynəlxalq təcriddən qaçmağın yeganə yoludur.
Oxu.Az Ukrayna saytlarına istinadən xəbər verir ki, bu barədə Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə birgə mətbuat konfransında ABŞ-ın Dövlət katibi Con Kerri bildirib.
Kerri bildirib ki, Ukraynanın qarşısında dayanmış əsas təhlükə Rusiyanın ölkənin şərqindəki təcavüzüdür:
“Baş verənləri başqa cür adlandırmaq mümkün deyil. Biz Rusiya ilə münaqişəyə başlamaq istəmirik, heç kim bunu istəmir – nə prezident Poroşenko, nə Birləşmiş Ştatlar, nə də Avropa ictimaiyyəti. Ümid edirik ki, Rusiya diplomatik həll yolundan istifadə edəcək. Biz məhz bunu istəyirik”.
Kerri həmçinin bildirib ki, ABŞ Donbasda yaranmış vəziyyətə göz yuma bilməz:
“Biz Rusiya sərhədini keçərək Ukraynaya daxil olan tanklara göz yuma bilmərik. Biz tanınma işarələri olmayan, sərhədi keçərək, separatçılara dəstək olan rusiyalı hərbçilərə göz yuma bilmərik.
Biz bu münaqişəni dəstəkləmək üçün sərhədi keçən sursatlara göz yuma bilmərik.
Rusiya təkcə sözdə deyil, əməldə də öz seçimini etməlidir. Rusiya Ukraynada atəşkəslə bağlı öhdəlik götürməlidir. Təmas xəttindən ağır silahları çəkmək lazımdır. Rusiya həmçinin qoşunlarını Ukraynadan çıxarmalıdır. Moskva Rusiya tərəfdən Ukraynaya yaraqlıların daxil olmasına mane olmalıdır”.