Almaniya rekord dövlət borcu və iqtisadi artım tempinin aşağı olması səbəbindən ən yüksək AAA kredit reytinqini itirmək riski ilə üzləşə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti "S&P Global Ratings" reytinq agentliyinə istinadən yazır.
"Almaniyanın iqtisadi göstəriciləri proqnozlarımızdan əhəmiyyətli dərəcədə aşağı qalarsa, ölkənin reytinqi təhlükə ilə üzləşə bilər", - agentlikdən nəşrə bildirilib.
Daha əvvəl Almaniyanın Federal Statistika İdarəsi məlumat vermişdi ki, ölkənin dövlət borcu 2025-ci ildə yenidən rekord həddə çataraq 2.7 trilyon avroya yüksəlib. Gələn il dövlət xərclərinin 629 milyard avro, yeni borclanmanın isə 196.5 milyard avro olacağı proqnozlaşdırılır.
Beləliklə, demək olar ki, hər üç avrodan biri borc hesabına maliyyələşdirilir. Bu isə Almaniyanın faiz ödənişlərinə getdikcə daha çox vəsait ayırmalı olacağı deməkdir. Cari ildə bu məqsədlə təxminən 30 milyard avro, 2027-ci ildə 42 milyard avro xərclənəcəyi, 2030-cu ilədək isə faiz ödənişlərinin 81 milyard avroya yüksələcəyi gözlənilir.
"İqtisadiyyatdakı problemləri yalnız islahatlar yolu ilə həll etmək mümkündür, lakin hazırda biz vaxt itiririk", - Almaniya hökumətinin iqtisadi inkişaf üzrə ekspertlər şurasının üzvü Veronika Qrimm "Bild"ə müsahibəsində bildirib.
Son illərdə Almaniya uzunmüddətli iqtisadi çətinliklərlə üzləşir. Əvvəlcə bu vəziyyət COVID-19 pandemiyası ilə bağlı olub, daha sonra Rusiya qazının tədarükünün dayandırılması və İran ətrafındakı münaqişədən sonra daha da kəskinləşib.