İranın xarici işlər naziri Abbas Əraqçı Omanda keçirilən görüşlər zamanı ABŞ-nin xüsusi təmsilçisi Stiv Uitkoffa İranın nüvə proqramından imtina etməyəcəyini açıq şəkildə çatdırıb. İran Xarici İşlər Nazirliyi Tehranın yalnız Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) öz nüvə obyektlərinə giriş imkanı yaratmağa hazır olduğunu bəyan edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Tehran Times" mənbəyə istinadla xəbər verib.
Bildirilib ki, danışıqlar zamanı tərəflər təxminən 10 yazılı mesaj mübadiləsi aparıb, ilk mesaj İran tərəfindən göndərilib.
"İran nümayəndə heyətinin mesajlarında danışıqları davam etdirmək üçün ümumi çərçivə razılaşmasına gəlmək lazım olduğu və Vaşinqtonun Tehranın təklifini qəbul etmədiyi təqdirdə növbəti görüş zamanı İranın ABŞ-dən alternativ baxış gözləyəcəyi göstərilirdi", - deyə mənbədən vurğulanıb.
Xatırladaq ki, aprelin 12-də Omanda Tehran və Vaşinqton nümayəndələri arasında İranın nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi üzrə danışıqlar keçirilib. İran nümayəndə heyətinə Əraqçı, ABŞ nümayəndə heyətinə isə Uitkoff rəhbərlik edib. İslam XİN-in məlumatına görə, görüş konstruktiv və sakit şəraitdə keçib, tərəflər məsləhətləşmələri davam etdirməyi razılaşıblar. Danışıqların ikinci raundu aprelin 19-da Omanda keçiriləcək.