ABŞ-ninİran əleyhinə hərbi əməliyyatları nəticəsində Pentaqonun sərəncamında "Patriot" hava hücumundan müdafiə sistemləri üçün 1.7 mindən az raket qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzetinə mənbələr məlumat veriblər.
Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası hərbi podratçılardan raketlərin istehsalını sürətləndirməyi tələb edir. Lakin bütün səylərə baxmayaraq, İranla döyüşlər zamanı istifadə edilmiş 1.5 mindən çox "Patriot" raketinin yenidən istehsalı ABŞ üçün iki ildən çox vaxt apara bilər.
Qəzetin məlumatına görə, silah ehtiyatlarının azalması Pentaqonu Asiya və Avropadan Yaxın Şərqə hərbi gəmilər, aviasiya qüvvələri və hava hücumundan müdafiə bölmələri göndərməyə məcbur edir.
Bu isə həmin regionlarda ABŞ-nin hərbi imkanlarını zəiflədib və hərbçilərin mənəvi durumuna, eləcə də hərbi texnikaya texniki xidmətə mənfi təsir göstərə bilər.
ABŞ rəsmiləri belə yanaşmanın Yaponiya və Cənubi Koreyanı zərurət yaranacağı təqdirdə Vaşinqtonun onları müdafiə etmək imkanlarına şübhə ilə yanaşmağa vadar edə biləcəyindən narahatdırlar.
Qeyd edək ki, avqustun 5-də "The Washington Post" mənbələrə istinadən Donald Trampın iyulun 31-də Pentaqon rəhbəri Pit Heqsetdən İranla qarşıdurmada silah çatışmazlığı məsələsində hərbi qurumun onu niyə yanlış məlumatlandırdığını izah etməsini tələb etdiyini yazıb. Daha sonra Tramp bu məlumatları təkzib edib.