Kolumbiya Aerokosmik Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsinin Puerto Lequizamo Hava Limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 66-ya çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə LAFM Kolumbiya Silahlı Qüvvələrinin komandanı general Huqo Alexandro Lopez Barretonun sözlərinə istinadən məlumat yayıb. Bildirilib ki, təyyarədə olan 128 nəfərdən 58-i sağ qalıb, 66 nəfər ölüb. Yaralananların 57-si xəstəxanaya çatdırılıb, bir nəfər isə heç bir xəsarət almayıb.
Məlumata görə təyyarədə 11 heyət üzvü, 115 Milli Ordu və iki Milli Polis üzvü olmaqla 128 nəfər olub. Ölənlər arasında 58 Ordu, altı Hərbi Hava Qüvvələri və iki Milli Polis üzvü var. Dörd nəfər itkin düşüb.
Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğraması nəticəsində azı səkkiz nəfər həlak olub.
Oxu.Az "El Tiempo" nəşrinə istinadən xəbər verir ki, bu barədə Putumayo əyalətinin rəhbəri Con Molina bildirib.
Onun sözlərinə görə, daha 15 nəfərin vəziyyəti isə kritikdir. Ümumilikdə qəza nəticəsində 73 nəfər xəsarət alıb.
Kolumbiyanın Putumayo əyalətində göyərtəsində 100-dən çox hərbçinin olduğu "Hercules C-130" tipli hərbi təyyarə qəzaya uğrayıb.
Oxu.Az "Caracol" radiosuna istinadən verdiyi məlumata görə, hadisə təyyarə Puerto-Legisamo bələdiyyəsindəki bazadan havaya qalxarkən baş verib.
Kolumbiyanın müdafiə naziri Pedro Sançes qeyd edib ki, hazırda hadisə yerində hərbi xilasetmə qrupları və ekspertlər işləyirlər:
"Hələlik ölənlərin dəqiq sayı və qəzanın səbəbləri barədə rəsmi məlumat vermək mümkün deyil".