ABŞ-nin Nyu-York şəhərində qızıl və digər qiymətli əşyalar axtarmaq üçün şəhərin kanalizasiya sisteminə enən "köstəbək insanlar" peyda olmağa başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti yazıb.
Qəzet son vaxtlar polisin kanalizasiya qapaqlarını açaraq yeraltı sistemə enən naməlum şəxslərlə bağlı məlumat aldığı iki hadisəni nümunə göstərib.
Park prospekti ilə Şərqi 61-ci küçənin kəsişməsində bir şahid yerli vaxtla saat 04:30-da iki gəncin yolun hərəkət hissəsindəki kanalizasiya qapağından çıxdığını görüb.
O, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Küçə videokameralarının görüntüləri əsasında həmin şəxslərin 25 yaşlı Samuel Reveron və 26 yaşlı Kevin Rodriges olduğu müəyyənləşdirilib. Onlar Kuinsdə saxlanılıblar. Həmin şəxslərlə birlikdə şəxsiyyətləri hələ müəyyən edilməyən daha dörd nəfərin də olduğu məlum olub.
"Biz kanalizasiyaya girib yağış sularının drenaj sistemlərində və kollektorlarında ilişib qalan qiymətli əşyaları, qızılı, dəyəri olan hər şeyi axtarırıq", - deyə Reveron saxlanıldıqdan sonra polisə bildirib.
Reveron və Rodriges qanunsuz daxil olmaqda ittiham edilərək məhkəmə qərarı ilə nəzarət altında sərbəst buraxılıblar. Lakin hər ikisinin qanunsuz miqrant olduğu bildirildiyindən, onlar dərhal immiqrasiya xidmətinin əməkdaşlarına təhvil veriliblər.
Hadisə BMT Baş Assambleyasının keçirildiyi günlərdə baş verdiyi üçün xüsusi diqqət çəkib. Yaxınlıqdakı "Loews Regency" hotelində İsrailin Baş naziri Benyamin Netanyahunun qalması planlaşdırılırdı.
May ayında Nyu-Yorkda buna bənzər bir neçə hadisə baş verib. Ötən il isə Bruklində üç "köstəbək" saxlanılıb. Onlar polisə kanalizasiyaya "axıb gedən" qızılı axtardıqlarını və tapdıqları qiymətli əşyaları satmaq istədiklərini bildiriblər.
Lakin "The New York Post"un yazdığına görə, bu qızılaxtaranları uğur gözləmir. Şəhərin yeraltı sistemlərini əvvəllər araşdırmış Stiv Dunkan qəzetə bildirib ki, kanalizasiyaya yüz dəfədən çox enib və orada tapdığı ən qiymətli əşya vaxtı keçmiş kredit kartı olub.
Hakimiyyət orqanları xəbərdarlıq edir ki, kanalizasiyaya enmək həm qanunsuz, həm də təhlükəlidir. Orada zəhərli qazlar, dayanıqsız səthlər, qəfil su basması və qapalı məkanlarla bağlı təhlükələr mövcuddur.