Azərbaycan vətəndaşı Orxan Zeynalovun “öldürdüyü” Yeqor Şerbakov Rusiyanın Vnukovo hava limanında Varşavaya getmək istərkən gömrükdə saxlanıb.
Oxu.Az “Yeni Müsavat”a istinadən xəbər verir ki, ötən gün bu xəbər Moskvada ildırım sürətilə yayılmağa başlayıb.
İddialarda bildirilir ki, iki gün öncə ictimaiyyətə Yeqor Şerbakovun sevgilisi kimi təqdim olunan xanım da Moskva-Paris uçağı ilə Rusiya paytaxtını tərk edib.
Xəbəri “Yeni Müsavat”a verən qaynağın iddialarına görə, Rusiyada bu məsələ ilə bağlı gərginlik hələlik davam etdiyindən qondarma ölüm olayının təşkilatçıları Yeqor Şerbakov və onun sevgilisinin təhlükəsizliyini bu yolla təmin etmək qərarına gəlib. Yeqor Şerbakovun Vnukovo hava limanının gömrük məntəqəsində hansı səbəbdən saxlanması aydın deyil. Hələlik deyilənlərlə bağlı rəsmi versiya əldə etmək mümkün olmayıb.
Vurğulayaq ki, Orxan Zeynalovun Yeqor Şerbakovu öldürməsi haqda iddialar Rusiyada yaşayan soydaşlarımızın böyük çoxluğu şübhə ilə yanaşır. “Fakt”la bağlı geniş reportajlar verən telekanallarda, qəzetlərdə nə meyidin şəkili, nə onun yaxınlarının morqda görüntüləri, nə də dəfn mərasimi görünməyib.
Bütün bunlar da sözügedən olayın qurama olması haqda iddialara yol açıb. Uzun müddət Rusiyada yaşayan və bu topluma yaxşı bələd olanların sözlərinə görə, əgər Yeqor gerçəkdən də ölsəydi, onun dəfn mərasimindən şou yaratmaq istəyən qüvvələr mütləq ortaya çıxacaqdı. Orxan Zeynalovun istintaqa ilkin ifadəsində heç bir cinayət törətmədiyini deməsi bu arqumenti bir qədər də gücləndirib.