Rusiya Hərbi Dəniz Donanmasının "Admiral Qriqoroviç" hərbi gəmisinin heyəti La-Manş boğazında ona yaxınlaşan, Böyük Britaniyada qeydiyyatdan keçmiş yaxta istiqamətində xəbərdarlıq atəşi açıb.
Oxu.Az "Press Association" agentliyinə istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı yerli vaxtla saat 11:40-da baş verib.
Məlumata görə, hərbi gəmi və yaxta Böyük Britaniyanın Uayt adası ilə Fransa sahilləri arasındakı ərazidə olub. Yaxtanın kimə məxsus olduğu və hansı səbəbdən Rusiya hərbi gəmisinə yaxınlaşdığı hələlik açıqlanmayıb.
Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, qurum La-Manş boğazında baş verdiyi iddia olunan insidentlə bağlı məlumatları araşdırır.
BBC-nin məlumatına görə, hadisə nəticəsində yaxtaya və onun göyərtəsində olan şəxslərə zərər dəyməyib.
Bildirilir ki, Britaniya hakimiyyətinə yaxtadan daxil olan məlumatda Rusiya hərbi gəmisinin təxminən 500 metr məsafədən xəbərdarlıq atəşi açdığı qeyd olunub.
İlkin məlumata əsasən, insident Uayt adasından təxminən 20 dəniz mili (37 kilometr) məsafədə, Böyük Britaniyanın ərazi sularından kənarda baş verib.