Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi, 7 ünvanının Baku TV-nin qaynar xəttinə müraciət edən sakinləri yaşadıqları ərazidəki baxımsızlıqdan şikayət edirlər.
Onların sözlərinə görə, həyətdəki ağacların bir çoxu quruyub. Hətta ağaclardan biri kökündən qoparaq qaz borusunun üzərinə əyilib və təhlükəli vəziyyət yaradıb.
Sakinlər iddia edirlər ki, mənzil-kommunal istismar idarəsi problemi aradan qaldırmaq əvəzinə ağacı qaz borusuna bağlamaqla kifayətlənib.
Bundan əlavə, ərazidə küçə işıqlarının işləmədiyi və sahibsiz itlərin çoxluğu da sakinlərin narahatlığına səbəb olur.
Sakinlərdən biri bildirib: "Gecə aptekə dərman almağa çıxanda qorxudan hansı tərəfdən gedəcəyini bilmirsən. Həmçinin sahibsiz itlər var. Deyilənə görə, narkotik istifadəçiləri ağacların dibində nəsə gizlədir, sonra gəlib axtarırlar. Buna görə gecələr evdən çıxmağa ehtiyat edirik".
Digər sakin isə təhlükənin ciddiliyinə diqqət çəkərək deyib:
"Ağac demək olar ki, sallanır. Həmin vaxt altında uşaq da ola bilər. Sabah hansısa faciə baş versə, bunun məsuliyyətini kim daşıyacaq?!"
Məsələ ilə bağlı Oxu.Az-ın apardığı araşdırma zamanı məlum olub ki, sakinlərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı iddiaları polis tərəfindən nəzarətə götürülüb. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin vətəndaşlarla profilaktik söhbətlər aparılıb. Məlum olub ki, sakinlər əvvəllər bu barədə polisə rəsmi müraciət etməyiblər.
Buna baxmayaraq, əhalinin təhlükəsizliyini təmin etmək və şübhəli halların qarşısını almaq məqsədilə ərazidə nəzarət-profilaktik tədbirlər gücləndirilib.