Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerovun rəhbərlik etdiyi nümayəndə heyəti bu həftə ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Mayamiyə gedəcək.
Oxu.Az xəbər verir ki, məlumatı "Axios" yayıb.
ABŞ tərəfini prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner təmsil edəcəklər.
Nəşrin Ağ Ev rəsmisinə istinadən verdiyi məlumata görə, həftəsonu Uitkoff və Kuşnerin Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevlə də Mayamidə danışıqlar aparmaları planlaşdırılır.
Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli görüşün olub-olmayacağı barədə heç bir məlumat yoxdur.
Nəşrin məlumatına görə, ABŞ təmsilçiləri Rusiya prezidentinin xüsusi nümayəndəsini Ukrayna-Amerika danışıqlarının nəticələri barədə məlumatlandıracaq və hərbi münaqişəyə son qoymaq üçün "Rusiya hökumətini yenilənmiş təklifə razı salmağa çalışacaqlar".