ABŞ Prezidenti Donald Tramp iyulun 16-sı axşam saatlarında həmvətənlərinə televiziya müraciətində Çinin Birləşmiş Ştatlardakı seçkilərə müdaxilə etdiyini açıqlamağa hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə çərşənbə günü özəl mənbələrinə istinadən CBS telekanalı məlumat yayıb.
"Tramp cümə axşamı edəcəyi çıxışda Çinin ABŞ seçkilərinə qismən müdaxiləsi ilə bağlı əvvəllər bildirilməyən iddialara toxunacaq", - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, ABŞ lideri Çinin ABŞ-dəki seçicilər haqqında məlumatlara qanunsuz çıxış əldə etdiyini, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bu fəaliyyətlərdən xəbərdar olduğunu, lakin prezidentliyinin ilk dövründə bu barədə ona məlumat vermədiyini söyləyəcək.
Xəbərdə ABŞ-də konkret hansı seçkilərin nəzərdə tutulduğu isə dəqiqləşdirilmir.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt telekanalın materialını şərh edib.
"Həmişəki kimi, anonim mənbələr Prezident Trampın cümə axşamı axşam saatlarında edəcəyi çıxışında nələr deyəcəyi ilə bağlı fərziyyələr irəli sürürlər. Əslində, Prezident Trampın nə deyəcəyini hələ heç kim bilmir", - deyə sözçü diqqətə çatdırıb.