ABŞ Prezidenti Donald Tramp yanvarın 13-də hökumətin iclasını keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
İclasda İrana qarşı mümkün tədbirlər, o cümlədən hərbi zərbələr, kiberhücumlar və yeni sanksiyalar müzakirə ediləcək. Dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn görüşə dəvət olunublar. Toplantıda onların D.Trampa İrandakı iğtişaşlara cavab vermək üçün variantları, o cümlədən ölkədəki hədəflərə zərbə endirmək ehtimalını təqdim edəcəkləri gözlənilir. Xatırladaq ki, Pentaqon potensial zərbələrə hazırlıq məqsədilə hələlik İran sərhədlərinə əlavə qüvvələr yerləşdirməyib.
Mənbələrə görə, ABŞ, həmçinin İslam Respublikasındakı mülki və hərbi hədəflərə kiberhücumlar, İrana qarşı əlavə sanksiyalar tətbiq etmək və ölkədə internetin bağlanması səbəbindən etirazçılar arasında rabitəni qorumaq üçün "Starlink" terminallarının yerləşdirilməsini nəzərdən keçirir.
Qəzetin qeyd etdiyi kimi, qarşıdan gələn görüş ABŞ administrasiyası rəsmilərinin İranla bağlı mümkün tədbirləri müzakirə etmək üçün ilk rəsmi görüşü olacaq.