Kiyevin Müstəqillik Meydanında gecələyən müxalifət tərəfdarları bu gün səhər Nazirlər Kabinetinin binasına yürüş ediblər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, 5-6 min nəfər aksiya iştirakçısı hökumət binasının qarşısına gələrək “Banda – get!” deyə qışqırmağa başlayıblar.
Müxalifət fəalları hökumət binasının bütün girişlərini, eləcə də Milli Bankın binasını nəzarətə götürüblər.
Yürüşün başında gedən sabiq daxili işlər naziri Yuri Lutsenko iştirakçılara aksiyanın dinc xarakterli olduğu barədə xəbərdarlıq edərək təxribatlara uymamağa çağırıb.
Elə bu gün Sevastopol Şəhər Sovetinin deputatı Sergey Smolyaninov Ukraynaya Rusiya qoşunlarının yeridilməsi təşəbbüsü ilə çıxış edib.
Deputat bu xahişlə o, Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Müraciətdə qeyd olunur ki, hazırda Ukraynada Qərb xüsusi xidmət orqanları və onların casusları tərəfindən qanuni hakimiyyətin devrilməsi təşəbbüsü həyata keçirilir:
“Ölkənin suverenliyinin, Krımın rus əhalisinin və Ukraynanın digər regionlarının qorunması üçün hərbi və digər yardımlar etməyinizi xahiş edirəm. ABŞ və NATO təcavüzkarlarından qorunmağımız məqsədilə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya yeridilməsini Ukrayna hökuməti ilə razılaşdırın”.
Qeyd edək ki, Sergey Smolyaninov Ukraynanın hakim Regionlar Partiyasının deputatıdır.
Xatırladaq ki, bazar günü Müstəqillik Meydanında yüz minlərlə insanın iştirakı ilə keçirilən aksiyada Nikolay Azarovun başçılıq etdiyi Nazilər Kabinetinin istefaya getməsi tələb olunub.