Kiyevin Müstəqillik Meydanında etirazçılara qarşı həmləyə keçən xüsusi təyinatlılar Müstəqillik Stelasını mühasirəyə alıblar.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “UNİAN”-ın verdiyi məlumata görə, polis qüvvələri Müstəqillik Meydanının daha geniş ərazisini öz nəzarəti altına ala biliblər.
Belə ki, səhər saat 04.00 radələrində xüsusi təyinatlılar etirazçılara qarşı yenidən işıq-səs qumbaralarından istifadə edib. Aksiyanı yatırmaq üçün su şırnaqlarından da istifadə olunur.
“Azadlıq” partiyasının nümayəndəsi Aleksandr Aronetsin məlumatına görə, xüsusi təyinatlılar hətta “Qlobus”un damından da etirazçılara hücuma keçib.
Məlumata görə, Müstəqillik Stelasının yaxınlığında quraşdırılmış bir neçə çadıra od vurulub. Həmçinin Yeni İl yolkası ətrafında quraşdırılmış çadırlar da yanıb. Konservatoriyanın binasında da yanğının başladığı bildirilib.
Etirazçılar buna cavab olaraq, avtomobil şinlərini yandırıb, polis əməkdaşlarına daş və “Molotov kokteyli” atıblar. Meydanda quraşdırılmış səhnədə “Azadlıq” hərəkatının lideri Oleq Tyaqnibok etirazçılara çağırışlar edib.
Bu arada yol polisi paytaxtın mərkəzinə doğru hərəkət edən avtomobilləri saxlayaraq yoxlanış edir. Hətta “taksi”lər də ciddi yoxlanışa məruz qalır.
Qeyd edək ki, son məlumatlara əsasən Ukraynanın paytaxtı Kiyevdə etirazçılarla polis qüvvələri arasında davam edən toqquşmalar zamanı ölənlərin sayı 27-yə çatıb. Məlumata əsasən etirazçılar düşərgəsində ölənlərin sayının 20 nəfərə, yaralıların isə 500-ə çatdığı bildirilir.
Ukrayna DİN-in yaydığı məlumata görə, qarşıdurma zamanı 7 polis əməkdaşı da həlak olub.