Ötən gecə 2019-2020-ci illər mövsümünün çempionu adını qazanmış “Liverpul” futbol klubu İngiltərənin ən titullu komandası kimi də tarixə düşüb.
“Sport24”ün məlumatına görə, “Liverpul”un hesabında 19 ölkə çempionluğu ilə yanaşı, yeddi İngiltərə kuboku, səkkiz Liqa kuboku və beynəlxalq arenada doqquz kubok (cəmi 43 titul) var.
Bununla da, “Liverpul” 42 titula sahib “Mançester Yunayted”i geridə qoyub.
30 illik fasilədən sonra “Liverpul”un çempion olması münasibətilə Yürgen Klopp azarkeşləri təbrik edib və açıqlama verərkən, göz yaşlarını saxlaya bilməyib.
“Liverpul”un çempionluq yarışında əsas rəqibi, son turda “Çelsi”yə 1:2 hesabı ilə məğlub olan “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola isə öz növbəsində rəqiblərini təbrik etməyi unutmayıb:
“Liverpul”u təbrik etmək istəyirəm. Onların ifasında möhtəşəm mövsüm oldu! Biz fərqi azaltmağa çalışacağıq, çünki 20 xal olduqca çoxdur. Bu dəfə stabil oynamadıq, “Liverpul” isə Çempionlar Liqasında qələbədən sonra özünə əminlik qazandı və hər oyuna son oyun kimi çıxdı”.