Böyük Britaniyada bir qadın kontakt linzalarını çıxarmadan üzünü yuduqdan sonra nadir parazitar infeksiyaya yoluxaraq bir gözünün görmə qabiliyyətini itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" nəşri yazıb.
Emma Marsden tövləni təmizləyərkən başı çirkli su ilə dolu arabaya dəyib. Bundan sonra o, üzünü və əllərini yusa da, gözündəki kontakt linzaları yalnız axşam çıxarıb.
Dörd gün sonra qadının sağ gözündə əvvəlcə göynəmə, sonra isə dözülməz ağrı başlayıb. Həkimlər əvvəlcə bu vəziyyəti buynuz qişasının xorası kimi qiymətləndirsələr də, Emmanın vəziyyəti getdikcə ağırlaşıb və o, sağ gözünün görmə qabiliyyətini tamamilə itirib.
Sonradan ona akantamöb keratiti diaqnozu qoyulub. Bu, torpaqda və suda, o cümlədən kran suyunda rast gəlinən "Acanthamoeba" adlı mikroskopik amöbün törətdiyi nadir, lakin çox təhlükəli göz infeksiyasıdır. İnfeksiya xüsusilə kontakt linza istifadəçilərində, linzalar su ilə təmasda olduqda inkişaf edə bilər.
Parazit buynuz qişanı ciddi zədələdiyi üçün həkimlər prosesi dayandırmaq məqsədilə qadının göz qapağını müvəqqəti olaraq tikiblər. Gələcəkdə ona buynuz qişasının transplantasiyası lazım olacaq.
