Kot-d'İvuar Prezidenti Alassan Uattara Baş nazir Rober-Beqre-Mambenin rəhbərlik etdiyi hökuməti rəsmi olaraq istefaya göndərib.
Oxu.Az "Guinee28" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının baş katibi Massare Ture-Kone məlumat verib.
"Dekabrın 27-də keçirilən parlament seçkisinin nəticələrindən sonra ölkə prezidenti baş nazirin rəhbərlik etdiyi hökuməti rəsmi olaraq istefaya göndərib", - deyə xəbərdə bildirilib.
Dövlət başçısı yeni hökumət qurulana qədər Rober-Beqre-Mambenin və nazirlərin vəzifələrində qalacaqları barədə tapşırıq verib.
Xatırladaq ki, ötən ilin oktyabrında Kot-d'İvuarda prezident seçkisi keçirilib və Uattara dördüncü müddətə dövlət rəhbəri postuna yiyələnib. Dekabrda isə ölkədə parlament seçkisi baş tutub və Uattaranın rəhbərlik etdiyi partiya böyük səs çoxluğu ilə qalib gəlib.