Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əsas məqsədi rejim dəyişikliyidir.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada müdafiə və xarici siyasət Şurasının iclasında çıxışı zamanı bildirib.
ABŞ bu günlərdə xəbərdarlıq edib ki, Rusiyaya qarşı sanksiyalar gücləndirilə bilər.
S.Lavrovun bildirdiyinə görə, Qərb Rusiyada hakimiyyəti dəyişdirmək məqsədini gizlətmir: “Bəyan edilir ki, sanksiyalarla iqtisadiyyatı dağıtmaq, xalq etirazlarının baş qaldırmasına səbəb olmaq lazımdır. Qərb birmənalı şəkildə göstərir ki, onlar bizim siyasətimizin dəyişməsinə yox, rejimin dəyişməsinə nail olmaq istəyirlər”.
Rusiyanın xarici işlər naziri deyib ki, o, Nyu-Yorkda, BMT mənzil-qərargahında işləyəndə sanksiyaların tətbiqi zamanı heç vaxt Rusiyaya qarşı davrandıqları kimi sərt davranmırdılar: “Şimali Koreya, İran kimi ölkələrə sanksiya tətbiq edəndə elə edirdilər ki, sanksiyalar ancaq elitaya zərər vursun, sosial sferaya, iqtisadiyyata zərər yetirməsin”.
S.Lavrov hesab edir ki, Qərb Rusiyaya qarşı va-bank gedib və Ukrayna əslində bəhanədir. Onun fikrincə, hələ Ukrayna hadisələrinə qədər elə təəsürat yaranırdı ki, Rusiyanın Qərblə münasibətlərində həqiqət anı yaxınlaşır: “Biz ya tərəfdaş olmalı, ya bir-birimizin xirtdəyindən yapışmalı idik. Təəssüf ki, onlar ikinci yolu seçdilər və va-bank getdilər”.