Amerikanın Lockheed Martin şirkəti ABŞ ordusu üçün döyüş lazerlərinin istehsalına başlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətin saytına istinadən gazeta.ru xəbər verib.
2014-cü ilin aprel ayında şirkət 60 kilovatlıq gücü olan döyüş lazerinin hazırlanmasına dair ABŞ ordusunun müqaviləsini alıb. Qurğunun gücünü 120 kilovata qədər artırmaq olar.
Şirkətin saytında qeyd olunub ki, bu qurğunun idarəedilməz raketlərin, artilleriya mərmilərinin, minaatanların minalarını və pilotsuz uçan obyektlərin məhv edilməsi üçün istifadə olunacağı ehtimal edilir.
Qurğunun qüvvəsini yeni şüavericilərin əlavə edilməsi ilə artırmaq olar. Qurğu HEL MD döyüş maşınının tərkibinə daxil olacaq.
Daha öncə Boeing mühəndisləri pilotsuz uçan obyektlərin məhv edilməsi üçün lazer top hazırlamışdılar. Silah pilotsuzlara iki kilovat olan infraqırmızı lazer ilə atəş açır. Boeing məhvetmə radiusunu bildirmir, amma silahın optik cihazların görmə zonasında yerləşən dronaları məhv etməyə qadir olduğunu iddia edir.