Los-Anceles şəhərində qəzaya uğrayan helikopter NBC telekanalına məxsus olub.
Oxu.Az xəbər verir ki, bu barədə NYP məlumat yayıb. Bildirilib ki, hadisə media işçilərinin avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsini işıqlandırması zamanı baş verib. Qəza canlı yayımda olub.
"Los-Ancelesin yanğından mühafizə xidmətinin məlumatına əsasən, həyatını itirənlərdən birinin piyada olduğu ehtimal edilir. Həmin şəxs helikopterdə olmayıb", - deyə məqalədə qeyd olunur.
Eyni zamanda, bir nəfərin xəsarət aldığı və onun ağır vəziyyətdə tibb müəssisəsinə yerləşdirildiyi bildirilir. NBC4 telekanalının aparıcısı Kollin Uilyams canlı yayım zamanı kanalın öz əməkdaşları ilə əlaqəni itirdiyini bildirərkən göz yaşlarını saxlaya bilməyib.
ABŞ-nin Los-Anceles şəhərində helikopterin qəzaya uğraması nəticəsində ən azı üç nəfər həyatını itirib, daha bir nəfər isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "CBS News" telekanalı yayıb.
Qəzaya uğrayan hava gəmisinin yerli mətbuat orqanlarından birinə məxsus olduğu ehtimal edilir, ölənlərin isə media mənsubları olduqları bildirilir. Hadisənin başvermə səbəbləri hələlik müəyyən edilməyib. Qeyd olunur ki, uçuş aparatı sentyabrın 15-də Los-Ancelesin ətraf ərazilərində qeydə alınan ağır yol-nəqliyyat hadisəsinin baş verdiyi yerin yaxınlığında yerə çırpılıb.