"Hüquq-mühafizə orqanları Lvovda törədilən terror aktının ehtimal edilən icraçısını saxlayıblar".
Oxu.Az "Obşestvennoye" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.
Onun sözlərinə görə, hazırda partlayışlar nəticəsində yaralananların sayı 25 nəfərə çatıb.
Lvov vilayət administrasiyasının rəhbəri Maksim Kozitski daha əvvəl "Telegram" kanalında bildirmişdi ki, 20-dən çox insan mina-partlayış xəsarətləri alıb.
Yaralananların bəziləri ağır vəziyyətdədir. Partlayışlar komendant saatı zamanı mağaza qarəti ilə bağlı daxil olan çağırış zamanı baş verib.
Lvovda gecə saatlarında baş vermiş partlayışlar nəticəsində yaralananların sayı 24-ə çatıb.
Oxu.Az bu barədə Ukrayna Milli Polisinin rəsmi saytına istinadən xəbər verir.
"Bu gün təxminən saat 00:30-da "102" xüsusi telefon xəttinə Danilişin küçəsindəki mağazaya qanunsuz daxilolma barədə məlumat daxil olub. Patrul polis heyəti hadisə yerinə gəldikdən sonra partlayış baş verib. Sonradan ikinci heyət gələndə daha bir partlayış eşidilib. İlkin olaraq müəyyən edilib ki, əldəqayırma partlayıcı qurğular işə salınıb.
Partlayışlar nəticəsində 23 yaşlı qadın polis əməkdaşı həlak olub. Patrul polisinin xidməti avtomobili və mülki nəqliyyat vasitəsi zədələnib", - deyə məlumatda bildirilir.
Ukrayna Cinayət Məcəlləsinin ağır nəticələrə səbəb olan terror aktı maddəsi ilə cinayət işi başlanıb.