Macarıstanda keçirilən parlament seçkisində səslərin 45.71%-i hesablandıqdan sonra müxalif "Tisa" partiyası liderliyini artırır.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Seçki Bürosu məlumat yayıb.
Məlumata görə, Avropa Parlamentinin deputatı Peter Madyarın rəhbərlik etdiyi partiya 199 yerdən 135-ni qazanır. Onlardan 95-i birmandatlı dairələr, 40-ı isə partiya siyahıları üzrədir.
Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi "FİDES - Macarıstan Vətəndaş İttifaqı" və xristian demokratlardan ibarət hakim koalisiya 57 mandat əldə edir. Bunlardan 11-i dairələr, 46-sı isə siyahılar üzrədir. "Bizim Vətən" partiyası isə 7 yer qazanır.
Qeyd olunur ki, daha əvvəl səslərin 29.21%-i hesablandıqda "Tisa" 132 mandat əldə etmişdi. Ekspertlərin fikrincə, nəticələr ilkin xarakter daşıyır və səslərin sayılması davam etdikcə dəyişə bilər. Hazırkı üstünlük əsasən partiyanın güclü olduğu regionlarda, xüsusilə, Budapeştdə səslərin daha tez hesablanması ilə izah olunur.
Macarıstanın Baş naziri Viktor Orban tərəfdarlarına müraciətində parlament seçkisində məğlub olduqlarını açıqlayıb.
"Nəticələr ağrılıdır, lakin aydındır. Mən qalib gələn partiyanı təbrik etdim. Seçkinin ölkəmizin və millətimizin taleyi üçün nə ifadə edəcəyini hələ bilmirik, bunu zaman göstərəcək. Lakin biz müxalifətdə olsaq belə, ölkəmizə xidmət edəcəyik", - deyə Orban bildirib.
Macarıstanda parlament seçkisi başa çatıb və seçki məntəqələri bağlanıb.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, ölkədə aprelin 12-də keçirilən seçkidə seçicilər 199 deputatdan ibarət parlamentin yeni tərkibini müəyyən ediblər.
Seçkinin nəticəsi növbəti baş nazirin kim olacağını müəyyənləşdirəcək. Hazırda bu vəzifəni Viktor Orban tutur.
Səsvermə saat 06:00-da başlayıb və 19:00-da başa çatıb. Seçici fəallığı rekord səviyyəyə - 77.8%-ə çatıb. Ümumilikdə Macarıstanda 8 milyondan çox vətəndaş səsvermə hüququna malikdir.
Parlament qarışıq sistem üzrə formalaşır: 106 deputat birmandatlı dairələr üzrə majoritar, 93 deputat isə ümummilli dairə üzrə proporsional sistemlə seçilir. Seçki baryeri partiyalar üçün 5%, ikipartiyalı koalisiyalar üçün 10%, üç və daha çox partiyanın birliyi üçün isə 15% təşkil edir.
Macarıstanda parlament seçkisi keçirilir.
Oxu.Az rg.ru-ya istinadən xəbər verir ki, seçkinin nəticəsi 199 deputatdan ibarət yeni parlamentin tərkibini müəyyən edəcək.
93 deputat mandatı partiya siyahıları üzrə, 106-sı isə birmandatlı dairələr üzrə bölüşdürülür. Parlamentə daxil olmaq üçün partiyalar beşfaizlik səddi keçməlidirlər.
Ölkənin baş naziri parlament tərəfindən sadə səs çoxluğu ilə seçilir. Daha sonra Macarıstan prezidenti qalib partiyanın namizədini baş nazir vəzifəsinə namizəd irəli sürür.
Seçkidə beş partiya iştirak edir, əsas mübarizə hakim "Fides" və müxalifətçi "Tisza" partiyaları arasında gedir.