Makedoniya, 31 dekabr 2013-cü il tarixinədək bir ildən uzun bir müddətdə kommunal (elektrik və istilik enerjisi), kredit kartı və istehlak krediti üzrə borclarını ödəyə bilməyən bir sıra vətəndaşlarının borclarını birdəfəlik silir.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, borclarının dövlət tərəfindən silinməsini tələb edən makedonlar, İctimai İşlər Mərkəzinə müraciət edə biləcək.
30 gün ərzində qəbul ediləcək müraciətlər, daha sonra qurulacaq xüsusi bir komissiya tərəfindən qiymətləndiriləcək, ağır iqtisadi şərtlərdə yaşayan vətəndaşların borcları birdəfəlik dövlət tərəfindən silinəcək. Makedoniyanın Maliyyə Naziri Zoran Stavreski, sözü gedən layihə ilə hökumətin verdiyi vədlərindən birini yerinə yetirdiyini qeyd edərək, qlobal iqtisadi böhran səbəbindən borclarını ödəyə bilməyən vətəndaşlara kömək etməyi qarşıya məqsəd qoyduqlarını söyləyib.
Borcların silinə bilməsi üçün qoyulan şərtlər ölkənin Maliyyə Nazirliyinin saytından yerləşdirilib. Layihə yalnız müəyyən bir qrup vətəndaşı əhatə edəcək. Bu vətəndaşlar arasında dövlətdən sosial yardımlar alanlar, bir ildən çox müddətdir işsiz olanlar, son beş il içində həyat yoldaşını itirənlər və işinə mane olan bir xəstəlik keçirənlər də var. Müraciət müddətinin başa çatmasının ardından qurulacaq komissiya, müraciətləri qiymətləndirəcək.
Borcları dövlət tərəfindən silinəcək vətəndaşların sayının 100 minə çata biləcəyi təxmin edilir. Bundan başqa, layihəyə daxil olacaq şirkətlərə və banklara dövlət tərəfindən vergilər üzrə bəzi güzəştlərin təmin edilməsi nəzərdə tutulur.