ABŞ-nin dövlət Katibi Marko Rubio 55 illik yubileyini qeyd edib və bu münasibətlə Ağ Ev ona üzərində özünün əks olunduğu memlərdən hazırlanmış xüsusi kollaj bağışlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Axios" nəşri yayıb.

Nəşrin məlumatına əsasən, ötən ilyarım ərzində yayımlanan memlərdə Rubio dövlət katibi, milli təhlükəsizlik məsləhətçisi və ABŞ-nin 2035-ci il Ümumdünya Sərgisi üçün müraciətinə rəhbərlik edən şəxs kimi göstərilib. O, bu kollajlarda "Kiss" musiqi qrupunun ifaçısından tutmuş, samuray və "Subay qadın" televiziya şousunun iştirakçısına qədər fərqli amplualarda nümayiş etdirilib.
Sözügedən memlərin yaranma səbəbi 2025-ci il fevralın 28-də çəkilmiş bir fotoşəkildir. Həmin vaxt Prezident Donald Tramp və vitse-prezident Cey. Di. Vens Rusiya ilə münaqişədəki addımlarına görə Ukrayna Prezidenti Volodimir Zelenskini kəskin şəkildə tənqid edirdilər. Tramp və Vens Zelenskiyə qarşı sərt çıxışlar edərkən, Rubio Oval kabinetdəki divanda əyləşərək müzakirələrə qatılmamışdı.
Siyasi məsləhətçi Sara Lonqvellin fikrincə, sosial şəbəkələrin geniş yayıldığı müasir siyasətdə internetdə populyarlaşmaq çox dəyərli bir amildir və bu memlər Rubionun seçicilər arasındakı reytinqini yüksəldib.
O qeyd edib ki, bu, siyasətçinin memlər vasitəsilə daha müsbət bir imic qazandığı ilk hadisələrdən biridir. Dövlət katibi özü etiraf edib ki, memə çevrilən həmin fotoşəkil ilk dəfə yayılanda ona nifrət edib, lakin sonradan bu vəziyyət ona gülməli gəlməyə başlayıb.