Avropa İttifaqının (Aİ) genişlənmə üzrə Ali Komissarı Marta Koss Aİ-nin "Tramp marşrutu" layihəsində (TRIPP) iştirak ehtimalı məsələsinə toxunub.
Oxu.Az-ın "Armenpress"ə istinadən xəbərinə görə, o, Brüsseldə bir qrup erməni jurnalistlə görüşdə Aİ-nin TRIPP-də iştirakı nəzərdən keçirib-keçirməməsi ilə bağlı suala cavab olaraq bu mövzunu müzakirə edib.
Aİ-nin genişlənmə üzrə Ali Komissarı xatırladıb ki, bu layihənin həyata keçirilməsi Ermənistan və ABŞ arasında bir razılaşmadır.
O vurğulayıb ki, Aİ, həmçinin ümumi qarşılıqlı əlaqənin daha geniş mənzərəsini nəzərdə tutaraq, bu məsələ ilə bağlı ABŞ ilə danışıqlar aparır.
"Söhbət Mərkəzi Asiyadan Avropaya keçən yoldan gedir. Bu, cəmi 42 kilometrlik yoldur. Bizim üçün olduqca vacibdir ki, etdiyimiz hər şey təkcə bu 42 kilometrlik hissəyə deyil, həm də şərqə və qərbə aparan hər şeyə aid olsun və bütün bunlar eyni vaxtda həyata keçirilsin", - deyə o qeyd edib.
O bildirib ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyandan bu hərtərəfli əlaqənin təmin edilməsi baxımından Ermənistan üçün ən vacib olan prioritetlərin siyahısını təqdim etməsini xahiş edib.
"Bizim öz ideyalarımız da var. Biz bu məsələləri Türkiyə və Azərbaycanla müzakirə edirik. Buna görə də bunu hissə-hissə etməyin mənası yoxdur. Lakin bu baxımdan ABŞ-nin əməkdaşlığı və ya iştirakı sadəcə 42 kilometrlik dəmir yolun çəkilməsindən daha vacibdir", - deyə Marta Koss vurğulayıb.