Amerikalı milyarder, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Mask onu həbsə göndərməyə çağıran solçuların sovet təhlükəsizlik sisteminin rəhbərlərindən olmuş Lavrenti Beriyanın metodlarını təqlid etdiklərini bildirib.
Oxu.Az xəbər verir ki, Mask "X" sosial şəbəkəsindəki paylaşımında Lavrenti Beriyanın portretini və ingilis dilinə tərcümə edilmiş "Adam olsun, maddə tapılar" ifadəsini paylaşıb.
Bu ifadə tez-tez İosif Stalinə və Lavrenti Beriyaya aid edilsə də, onun müəllifliyini təsdiqləyən sənədli sübutlar yoxdur. Mümkün müəlliflər arasında SSRİ-nin xarici işlər xalq komissarı Vyaçeslav Molotov və prokuror Andrey Vışinski də göstərilir.
Mask bu paylaşımı onu həbsə göndərməyi tələb edən solçuların hansı ittihamı irəli sürəcəklərini bilmədiklərini, lakin səsvermə keçirilsə, buna əsas tapacaqlarını ironik şəkildə bildirən posta cavab olaraq edib.
İlon Mask "X" sosial şəbəkəsində sovet rəhbərliyinə ilk dəfə müraciət etmir. O, 2021-ci ildə, "Twitter" şirkətinin o zamankı texniki direktoru Paraq Aqravala sovet liderinin, şirkətin keçmiş rəhbəri Cek Dorsiyə isə Stalinin silahdaşlarından olmuş və sonradan onun əmri ilə güllələnmiş Nikolay Yejovun təsvir edildiyi mem paylaşıb. Şəkil Yejovun siyasi nüfuzunu itirdikdən sonra tarixi fotoşəkildən silinməsinə işarə edirdi.
2025-ci ildə isə Mask İosif Stalin, Adolf Hitler və Mao Tszedunun milyonlarla insanın ölümünə görə məsuliyyət daşımadıqlarını iddia edən bir paylaşım yayımlayıb.
