Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mədəsində problem olanlara zərərli olan qidalar - SİYAHI
Mədə yarası mədənin selikli qişasında defektin yaranması ilə müşayiət olunan xəstəlikdir və bu, orqanın iltihablanmasına, normal fəaliyyətinin pozulmasına səbəb olur. Onun inkişafına müxtəlif xarici və daxili faktorlar təsir göstərə bilər, bunlardan biri də qidalanmadır.
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı həkim-gastroenteroloq Oleq Baykov danışıb.
O, mədə iltihabını artıran və yaraların yaranmasına səbəb ola biləcək bəzi qidaları açıqlayıb.
Birinci qrup məhsullar - acılı və ədviyyatlı yeməklər
Həkimin dediyinə görə, acı ədviyyatlar (bibər, xardal, çili və s.) mədədəki turşuluğun artmasına səbəb ola bilər. Bu, turşu istehsalının çoxalmasına və selikli qişanın zədələnmə ehtimalının yüksəlməsinə səbəb olur. Ayrıca, acı qidalar sfinkterin düzgün fəaliyyətini pozaraq, qastroezofageal reflü xəstəliyinə yol açır ki, bu da mədə yarasının digər mühüm səbəbidir.
İkinci qrup məhsullar - yağlı və qızardılmış yeməklər
Yağlı yeməklər, xüsusilə qızardılmışlar, həzm sisteminə çox yüklənir. Bu cür qidalar mədənin boşalmasını yavaşladaraq, turşuluğun artmasına və sistemin daimi stress vəziyyətinə girməsinə səbəb olur. Bu vəziyyət selikli qişanın zədələnməsinə və mədə yarasının inkişafına gətirib çıxara bilər.
Üçüncü qrup məhsullar - qəhvə və yüksək miqdarda kofein tərkibli içkilər
Həkimin sözlərinə görə, qəhvə və digər kofeinli içkilər (məsələn, enerji içkiləri) mədədə turşu istehsalını stimullaşdırır. Bu bəzi hallarda faydalı ola bilər, amma mədə yarasına meyilli insanlar üçün ciddi risk faktorudur. Qəhvə həm də mədənin boşalmasını sürətləndirərək, onun divarlarına əlavə mexaniki təsir göstərir.
Dördüncü qrup - alkoqol
Alkoqol mədənin selikli qişası üçün ən tanınmış qıcıqlandırıcılardan biridir. O, mədə divarlarının qoruyucu təbəqələrini pozur, damarların keçiriciliyini artırır və iltihablanmanı gücləndirir. Alkoqolun davamlı və həddindən artıq istifadəsi mədə şirəsinin turşuluğunu artıraraq, eroziv qastrit və mədə yarasının yaranmasına səbəb olur.
Beşinci qrup məhsullar - yüksək turşuluqlu məhsullar
Bu qidalara sitrus meyvələri, pomidor, alma və sirkə aiddir. Bu məhsullar mədədə iltihabı gücləndirir. Yüksək turşuluq selikli qişanın zədələnməsini asanlaşdırır və bunun nəticəsində yaralar meydana çıxır. Xüsusilə acqarına turşu tərkibli məhsulların istehlakı təhlükəlidir.
Altıncı qrup - qazlı içkilər
Şirin qazlı içkilər, karbon-dioksid və şəkər tərkibi ilə həzm sisteminə əlavə yük yaradır. İçkilərdəki qaz mədədə qazın yaranmasına və orada təzyiqin artmasına səbəb olur. Şəkər və süni əlavələrin yüksək miqdarı isə mikroorqanizmlərin balansını pozaraq, iltihab proseslərinin inkişafına şərait yaradır.
Yeddinci qrup məhsullar - trans yağlarla zəngin məhsullar (məsələn, marqarin, fastfud).
Bu yağlar orqanizmdə iltihabı artırır və mədədəki hüceyrə membranlarının düzgün fəaliyyətini pozur. Trans yağlar həm də hüceyrələrin müdafiə mexanizmlərinin effektivliyini azaldır, bu da xroniki iltihabın inkişafına gətirib çıxara bilər.
Sonda, həkim balanslı qidalanmanı tövsiyə edərək, xüsusilə qastrit və mədə yarasına meyilli olan şəxslərin həddindən artıq yeməkdən çəkinmələrini məsləhət görüb.
"Həkim məsləhəti" teqi üzrə xəbərlər
- Bel, kürək və başda ağrının səbəbləri - Skoliozun müalicəsi necə aparılmalıdır?
- Bəzi vitaminlərin çox qəbulu orqanizmə ziyan vurur - Həkimdən XƏBƏRDARLIQ
- Piyləri artıq kaloriləri yandırmağa məcbur edəcək üsul ixtira edildi
- Qan damarlarını gücləndirmək üçün ən yaxşı məhsullar açıqlandı
- Qaraciyər üçün ən faydalı qidalar - Kələm, balıq, avokado