Meksika prezidenti Enrike Penya Nyeto dünən Mexikodakı iqamətgahında ABŞ-ın dövlət katibi Reks Tillersonu və milli təhlükəsizlik naziri Con Kellini qəbul edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, görüş Tillerson və Kellinin Meksikanın XİN rəhbəri Luis Videqaray ilə dolğun danışıqlardan sonra baş tutub. Amerikanın yüksəkvəzifəli məmurları ilə söhbət zamanı Penya Nyeto mühacirət və təhlükəsizlik məsələlərini müzakirə edib, “Excelsior” portalı qeyd edir.
Daha öncə Videqaray Meksika və ABŞ arasında danışıqların uzun müddət sürəcəyini, amma nəticədə mövcud fikir ayrılığına baxmayaraq, tərəflərin qarşılıqlı razılığa gələ biləcəyini bəyan etmişdi.
Videqaray həmçinin bildirib ki, Meksika və ABŞ yaxın aylarda Mərkəzi Amerika ölkələrinin iştirakı ilə inkişaf və miqrasiya probleminin həllinə həsr edilmiş görüş keçirəcək.
Öz növbəsində Kelli, ABŞ-ın mühacirlərin deportasiyası üçün ordunun istifadə edilməyəcəyini, deportasiyaların isə kütləvi xarakter daşımayacağını vəd edib.
N.О.
www.oxu.az