Meksikada leysan və daşqınlar nəticəsində azı 64 nəfər həlak olub, 65 nəfər isə itkin düşüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə ölkənin Mülki Müdafiə üzrə milli koordinatoru Laura Velasqez Alsua açıqlama verib.
Onun sözlərinə görə, Verakruz ştatında 29 nəfər ölüb, 18 nəfər itkin düşüb. Puebla ştatında 13 nəfər ölüb, 4 nəfər itkin düşüb. İdalqo ştatında isə 21 nəfər ölüb, 43 nəfər itkin düşüb. Keretaro ştatında bir nəfər ölüb.
Xatırladaq ki, oktyabrın 6-dan 9-dək Meksikada güclü yağışlar müşahidə olunub və bu, daşqınlara səbəb olub.
Meksikada güclü yağışlar nəticəsində baş verən daşqınlarda ölənlərin sayı 47-yə, itkin düşənlərin sayı isə 38-ə çatıb.
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə ölkənin Mülki Müdafiə Milli Koordinatorluğundan (CNPC) məlumat verilib.
Xəbərdə qeyd edilir ki, Verakruz, Puebla, Hidalqo, Queretaro və San Luis Potosi bölgələrində axtarış-xilasetmə işləri fasiləsiz olaraq davam edir.
Meksika Prezidenti Klaudia Şeynbaum fəlakət zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib.
"Hökumət olaraq bütün imkanlarımızla xalqımızın yanındayıq, heç kimi tək qoymayacağıq", - deyə o bildirib.
Qeyd edək ki, son illərin ən güclü daşqınlarından biri kimi xarakterizə edilən bu təbiət hadisəsi 200 mindən çox insana və təxminən 50 min evə ziyan vurub.
Bəzi ərazilərdə elektrik enerjisi kəsilib, əsas magistral yollar bağlanıb, bir çox yaşayış məntəqələri ilə əlaqə itib. KİV-lərdə paylaşılan görüntülərdə bir çox evlərin tamamilə su altında qaldığı və bəzi vətəndaşların evlərin damlarına çıxaraq kömək gözlədikləri əks olunub.