Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialındakı “Memati” obrazını canlandıran Gürkan Uyğun Publika.az-a müsahibə verib.
Oxu.Az həmin müsahibəni təqdim edir.
- Sizə necə müraciət edək? Memati, yoxsa Gürkan Uyğun?
- Gürkan Uyğun desəniz, daha yaxşı olar (gülür).
- Gürkan Uyğunu bir-iki cümlə ilə tanıdın...
- İzmit, Yarımcada doğulmuşam. Sadə bir ailənin 5 uşağından biriyəm. Ən qısası, sizlərin tanıdığı Mematiyəm.
- “Memati” obrazının xarakteri onu deməyə əsas verir ki, çox maraqlı və ipə-sapa yatmayan uşaqlığınız olub, elədir?
- Çox dəcəl uşaqlığım olub. Deyim ki, uşaqlıqdan aktyorluğa meylli olmuşam. Televizorda kimi görsəm, yamsılayırdım. Rəhmətlik anam deyərdi ki, sənin ağzını yuma bilsəm yaxşı olar. Onu da deyim ki, çox çalışqan uşaq olmuşam.
- Yamsıladığınız insanların içində örnək aldığınız, mən böyüsəm, buna bənzəyəcəm dediyiniz birivar idi?
- Uşaqlığımda belə biri yox idi. Amma tələbəlik illərimdə örnək aldığım bir çox aktyorlar oldu. Bunlar, sadəcə, Türkiyədə olanlar deyildi, dünya ulduzları da vardı.
- Məktəb və tələbəlik illərindən heç unutmadığınız bir xatirəniz yadınızda qalıb?
- Var, universitetdə iki il kursda qalmağım hələ də yadımdan çıxmır (gülür).
- Gürkan bəy, neçə övladınız var?
- İki qızım var. Birinin adı Balım, digərinin adı Ateş.
- Amma filmdə övladınızı - Mamoşu öldürdülər...
- Təbii ki, bu kinodur, ssenari müəllifi nə yazıbsa, rejissor necə deyirsə, aktyor həmin obrazı yaratmalıdır. Amma iki övlad atası kimi, heç bir ataya övladını dəfn eləməyi arzulamaram. Düşmənim olsa belə. Bir sözlə, uşaqlar ölməsin.
- Niyə “Kurtlar Vadisi Pusu”dan ayrıldınız?
- Müsahibəyə o şərtlə razılıq verdim ki, Necati Şaşmaz və “Kurtlar Vadisi Pusu” məsələsinə toxunmayaq. Əks halda, mən yoxam bu müsahibədə (gülür).
- Deyəsən, yeni seriala çəkilirsiniz?
- Siz “Qaçaq” serialını izləmirsiniz? Bəs deyirdiniz azərilər mənim fanatımdır (gülür). Təbii ki, zarafat edirəm. “Qaçaq” serialına çəkilirəm.
- Özünü “Memati”yə oxşadanlara nə deyərdiniz?
- Məncə, özləri olsunlar.
- Azərbaycandakı izləyicilərinizə nə demək istəyərdiniz?
- Çoxlu salamlarımı, sevgilərimi çatdırıram. Biz yad deyilik, doğma xalqlar, qardaş ölkələrik. Mən sevinirəm ki, Azərbaycanda bu qədər sevənlərim var. Bakıya gələcəm, dolmanızdan yeyəcəm və canlı-canlı azərbaycanlı fanatlarıma təbriklərimi çatdıracam (gülür).