Avropa İttifaqının "Copernicus" İqlim Dəyişikliyi Xidməti 2025-ci ilin may ayını müşahidə tarixində ikinci ən isti may ayı kimi qeydə alıb.
Bu barədə Oxu.Az "Politico" nəşrinə istinadla məlumat yayıb.
Rəsmi açıqlamaya əsasən, ötən ay Yer kürəsində orta temperatur sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1.4 dərəcə Selsi yüksək olub. Bu, iqlim dəyişikliyi ilə bağlı narahatedici tendensiyanın davam etdiyini göstərir.
Xatırladaq ki, 2025-ci ilin aprel ayı da müşahidələr tarixində ikinci ən isti aprel, mart ayı isə ümumilikdə rekord istiliklə yadda qalıb.
"Copernicus" İqlim Dəyişikliyi Xidmətinin direktoru Karlo Buontempo bildirib ki, bu göstəricilər temperaturun ardıcıl olaraq 1.5 dərəcəlik kritik həddi keçdiyi bir neçə ay davam edən dövrü müvəqqəti də olsa qırıb. Lakin onun sözlərinə görə, bu hal qısamüddətlidir və yeni rekordların baş verməsi ehtimalı yüksəkdir.
Mütəxəssislər xüsusilə Avropada müşahidə olunan iqlim dəyişikliklərindən narahatdırlar. Qitənin şimal-qərb hissəsi son illərin ən quraq bahar mövsümünü yaşayıb. Bəzi bölgələrdə 1979-cu ildən bəri ən aşağı yağıntı və torpaq rütubəti səviyyələri qeydə alınıb.