Meksikadan havaya qalxan aviareyslərdən birinin sərnişini tərəfindən lentə alınmış maraqlı video sosial şəbəkələrdə sürətlə yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə mignews.com məlumat yayıb.
Kadrlarda təyyarə hündürlük yığarkən qanad hissəsində canlı siçovulun olduğu görünür. Video meksikalı bloqer Raul Qutierres tərəfindən paylaşılıb.
"Meksikadan qaçan bu sərnişinin adını bilən varmı?" - deyə o, görüntüləri zarafatla şərh edib.
Videoda gəmiricinin buludlar üzərində uçan təyyarənin səthində qalmağa çalışaraq flaplardan möhkəm yapışdığı görünür.
Hadisə internet istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Bir çoxları siçovulun taleyindən narahat olduqlarını bildirib, digərləri isə onun "pulsuz uçuşu" və ekstremal səyahəti ilə bağlı zarafatlar ediblər.
Mütəxəssislər isə qeyd edirlər ki, gəmiricilərin təyyarələrə və ya onların xarici hissələrinə daxil olması aviasiya üçün ciddi problem hesab olunur. Belə heyvanlar elektrik naqillərinə və vacib sensorlara zərər vura bilərlər.
Hələlik təyyarənin hansı aviaşirkətə məxsus olduğu və bu qeyri-adi "sərnişin"in taleyinin necə nəticələndiyi məlum deyil. Video isə dünyada milyonlarla baxış və minlərlə paylaşım toplamaqda davam edir.