Rusiyalı rejissor və Rusiya prezidenti Vladimir Putinin dostu Nikita Mixalkov hesab edir ki, rusların azadlığı yoxdur, Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir.
Mixalkovun bu yaxınlarda işıq üzü görən “Territoriya moey lyubvi” (“Sevgimin məkanı”) kitabında bundan bəhs edilir. O, kitabda öz məşhur əcdadlarından, qohumlarından, ailəsindən, dostlarından, həmkarlarından və əlbəttə ki, çəkdiyi və çəkildiyi filmlərdən danışır.
Mixalkov yazır ki, ruslar üçün güc tətbiq etməyin və mükafatlandırmağın zamanını hiss etmək vacibdir.
“Ruslar belə yaradılıb. Bizim azadlığımız yoxdur, bizim iradəmiz var, bunlar isə tamamilə ayrı anlayışlardır. Ona görə də sillə və sığalın növbələşdirilməsi çox vacibdir. Amma bunu nə vaxt tətbiq etməyi bilmək, daha doğrusu hiss etmək daha vacibdir”, - rusiyalı rejissor deyib.
Bundan başqa, o qeyd edib ki, heç vaxt dissident olmayıb.
“Mən ümumiyyətlə, “yox” ətrafında birləşmələri sevmirəm, bu, məhvedicidir. “Bəli” ətrafında birləşmələri sevirəm”, - N.Mixalkov bildirib.