ABŞ senatoru Rend Pol MKİ-nin keçmiş başçısı Con Brennanın maliyyə maraqlarından irəli gələrək məxfi məlumatları yayması ehtimalından söz açıb.
Oxu.Az xəbər verir ki, senator bu şübhələri ilə “Twitter” hesabında bölüşüb:
“Görəsən Con Brennan Trampa yönələn hücumları ilə və məxfi məlumatları aparıcı KİV-lərə ötürməklə milyonlarla dollar qazanmır?”
Pol əlavə edib ki, Brennanın məxfi sənədlərə buraxılışına qadağa qoyulması xahişi ilə ABŞ prezidentinə müraciət edəcək.
Daha öncə ABŞ Konqresi nümayəndələr palatasının hüquq komitəsinin sədri respublikaçı Bob Qudlattın Brennanı dinləmələrə dəvət edəcəyi barədə məlumat yayılıb. Məqsəd MKİ-nin sabiq rəhbərinin prezidentliyə namizəd, hazırda isə prezident olan Donald Trampa qarşı qərəzliyi dərəcəsini müəyyən etməkdir.
Qeyd edək ki, Trampın həm Rusiya prezidenti Vladimir Putinə, həm də Amerika kəşfiyyatına güvənməsi barədə bəyanatını Barak Obama administrasiyasında MKİ-nin direktoru olmuş Con Brennan dövlətə xəyanət adlandırıb.