Bu ilin sentyabr ayından etibarən Monqolustanın məktəblərində bütün növ sosial şəbəkələrin istifadəsinə qadağa qoyulacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi ölkənin təhsil və elm naziri Enx-Amqalan Luvsantserenə istinadən məlumat yayıb.
"Monqolustan 2026-2027-ci tədris ilindən başlayaraq bütün ölkə üzrə ümumtəhsil məktəblərində sosial mediadan istifadəni qadağan edəcək", - deyə xəbərdə bildirilir.
Agentliyin məlumatına əsasən, müəllimlər, şagirdlər və valideynlərin daxil olduğu sosial şəbəkə qruplarının (çatların), eləcə də səhifələrin yaradılması və idarə edilməsi tamamilə yolverilməz olacaq.
Bu addım uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək və onların smartfonlara olan asılılığını azaltmaq məqsədilə atılıb.