Monteneqro rəsmi olaraq NATO-ya üzv ölkələrin sırasına qəbul edilib.
Oxu.Az-ın Lenta.ru-ya istinadən məlumatına görə, mərasim bazar ertəsi, iyunun 5-də, Vaşinqtonda keçirilib.
Tədbir zamanı Monteneqronun baş naziri Duşko Markoviç ölkəsinin Şimali Atlantika Alyansına qoşulmasına dair protokolu ABŞ dövlət katibinin müavini Tomas Şennona təqdim edib.
Mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edib. O, qeyd edib ki, respublikanın təşkilatın sıralarına daxil olması “beynəlxalq təhlükəsizlik və Balkan yarımadasında stabilliyin qorunması” üçün çox vacibdir. Onun sözlərinə görə, Podqoritsa öz gələcəyini, “öz azadlıq və sülh yolunu” seçib.
Monteneqro NATO-nun 29-cu üzvü oldu. Ölkənin bayrağı iyunun 7-də təşkilatın qərargahında qaldırılacaq.
S.B.
www.oxu.az