Türkiyənin Xarici İşlər Nazirliyi Monteneqroda baş verən fövqəladə vəziyyətlə bağlı kritik açıqlama verib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
"Monteneqrodakı baş verən hadisələr bütün aspektləri ilə yaxından izlənilir. Vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə lazımi tədbirlər görülüb. Əlaqə və koordinasiya fasiləsiz şəkildə davam etdirilir", - deyə nazirliyin açıqlamasında bildirilib.
Nazirlik bölgədəki Türkiyə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün diplomatik kanalları aktiv saxladığını qeyd edib.
Monteneqro hakimiyyəti Podqoritsada yerli vətəndaşın türklər tərəfindən bıçaqlanması hadisəsindən sonra 27 oktyabrda Türkiyə vətəndaşları üçün vizasız səyahəti təcili qaydada ləğv edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Baş naziri Miloyko Spayiç "X" hesabında yazıb.
"Biz Türkiyə vətəndaşları üçün vizasız səyahətin müvəqqəti olaraq ləğv edilməsi barədə təcili qaydada qərar verəcəyik. Qarşıdakı dövrdə iqtisadi aktivlik və yaxşı ikitərəfli münasibətlərin qorunması məqsədilə biz Türkiyə Respublikası ilə intensiv danışıqlara başlayacağıq, bu danışıqlar mehriban əməkdaşlıq və müttəfiqlik ruhunda qarşılıqlı maraqlara cavab verən optimal modelin tapılmasını nəzərdə tutacaq", - deyə Spayiç bildirib.
Qeyd edək ki, oktyabrın 26-da axşam Monteneqro polisi Podqoritsa sakinini bıçaqladıqlarına görə iki Türkiyə vətəndaşını saxlayıb. İnsidentdən sonra hadisənin baş verdiyi ərazidə yüzlərlə adam toplaşıb və miqrantlar əleyhinə şüarlar səsləndirib. Daha sonra hüquq-mühafizə orqanları digər qanun pozuntularına görə daha 45 Türkiyə vətəndaşını saxlayıb.